AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Minval.İnfo xəbər verir ki, iclasda Premyer Liqanın VIII turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Oktyabrın 20-də Premyer Liqanın VIII turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 8000 manat cərimə olunub.

Oktyabr 21-də “Keşlə” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 15-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın VIII turunun “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.