Yanvarın 5-də yenicə istifadəyə verilmiş Bakı-Gəncə-Bakı sürət qatarı haqda sosial mediada və bəzi saytlarda xəbər yayılmışdı. Xəbərdə bildirilirdi ki, sürət qatarı yolda dayanıb.

Məlumatda bildirilirdi ki, qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində dayanıb. Bəzi saytlar guya elektrovozla qatarın Bakıya gətirildiyini yazıb. Hətta şayiə yayılmışdı ki, qatar bir neçə saat ləngimə ilə paytaxta gəlib. Sonradan məlum oldu ki, ləngimə cəmi 7-8 dəqiqə olub.Qatarda olan sərnişinlərdən biri minval.info-ya bildirib ki, dayanan qatar sonradan hərəkətini davam etdirib.Sərnişinin saytımıza bildirdiyinə görə, isitmə sistemi işləmədiyi üçün personala şikayət ediblər. Sərnişinin iddiasına görə, qatarın maşinisti salona gəlib və kobud səslə deyib ki kimin xoşu gəlmir, yerini dəyişsin.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sevinc Qədirli isə minval.info-ya bildirib ki, belə halın baş verməsi mümkün deyil: “Qatarların işçi heyətinin sərnişinlərlə davranışına Cavid müəllim ciddi nəzarət edir.

Əminliklə deyə bilərəm ki, belə halın baş verməsi mümkün deyil. Hər kəsdən sərnişinlərlə maksimum dərəcədə nəzakətlə davranmaqları tələb olunur. Hələ ki, bu yeni xəttə buraxılmış qatarlardır və orada da tam təlim keçmiş işçi heyəti cəlb olunub”.

Sevinc Qədirli deyib ki, ötən gün küləkli hava ilə bağlı elektrik xətlərində problem yaşanıb: “Yeni sürət qatarlarının az müddətdə də olsa dayanmasına səbəb budur. Problem qısa müddət ərzində aradan qaldırılıb.

Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb”.

Minval.info