Azərbaycan qanunvericiliyində efirdə səslənən hər hansı qeyri-etik, söyüşə görə cinayət məsuliyyəti varmı?

Xəbər verdiyimiz kimi, ötən gün müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun xüsusi ittiham qaydasında məhkəməyə verildiyi barədə məlumatlar yayılmışdı. Hər iki müğənni mətbuata açıqlama verərək, məlumatın yalan olduğunu, adı çəkilən məhkəmənin “Space TV”-nin MTRŞ tərəfindən cəzalandırılması ilə bağlı olduğunu bildiriblər.

Lakin bu məsələ özü iə birgə suallar da ortalığa çıxardı – Azərbaycan qanunvericiliyində efirdə səslənən hər hansı qeyri-etik, söyüşə görə cinayət məsuliyyəti varmı?

Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a danışıb: “Burada hüquq və əxlaq norması var. Təbii ki, hüquq normasının pozulması birbaşa məsuliyyət yaradır. Əxlaq normasının pozulması isə vətəndaşın birbaşa cəzalandırılmasına şərait yaratmasa da, ictimai qınağa səbəb olur.

“Space TV”nin canlı yayımında gedən olayı mən də izlədim və çox təəssüf etdim. Canlı yayımda bu cür hadisələr yaşana bilər, bundan heç kəs sığortalanmayıb. Lakin televiziya əməkdaşının buna görə cəzalandırılmasının tərəfdarı deyiləm. Yəni, buna görə televiziya əməkdaşına xəbərdarlıq edilə bilərdi, lakin işdən qovulmasını doğru hesab etmirəm.

Ümumilikdə isə bu gün dəyərli sənətkarları kənarda qoyub, mədəniyyətdən, etikadan kənar insanları efirə çıxardanda nəzərə almaq lazım idi ki, bu cür hallar baş verə bilər. Düşünürəm ki, bu cür məsələlərdə televiziya rəhbərləri məsuliyyət daşıyır.

Qeyd edim ki, son qalmaqalda konkret olaraq kiminsə təhqir olunması faktı, beləliklə, cinayət məsuliyyəti yoxdur. Amma efirdə bu cür ifadələrin işlədilməsi, xalqa, tamaşaçılara hörmətsizlikdir. Dolayısı ilə xalqın təhqir olunması kimi də dəyərləndirmək olar”.

Bəs dünya praktikasında efirdə səslənən söyüşlə bağlı hansısa cəza tədbir varmı? Dünya mediasında da dəfələrlə canlı efirdə söyüş, dava skandallarının yaşandığının şahidi oluruq. Bəzən buna görə cəza tədbirləri görülsə də, əksər hallarda adi üzürxahlıqla məsələ bitmiş sayılıb.

Hayatta hər şey var ile ilgili görsel sonucu

 

 

Buna misal olaraq bir neçə ay bundan əvvəl Türkiyənin “Beyaz TV”-də yayımlanan “Hayatta hər şey var” verilişinin bağlanmasını nümunə göstərmək olar. Adı çəkilən verilişə qadağa qoyulmasına səbəb canlı efir zamanı bir qadın tamaşaçının zəng edərək hərbçi həyat yoldaşı barədə dedikləri olub. Qadın ərinin dostunun arvadı ilə ona xəyanət etdiyini bildirib. Dediyinə görə, bu barədə ona ərinin dostu xəbər verib. Qadın “mən ərimin dostuna dedim ki, ərim mənə xəyanət etməz, mən edərəm” deyərək hər kəsi heyrətləndirib. Nəticədə veriliş bitdikdən sonra Türkiyənin Radio və Televiziyası Şurası adı verilişin bir müddətliyə bağlanması barədə qərar verib. Qurumdan bildirilib ki, proqramda edilən etiraflar televiziya qarşısında əyləşən tamaşaçıları narahat edincə, bu qərarı vermək məcburiyyətində qalıb.

 

Mixail Saakaşvili isə zamanında Gürcüstan prezidenti olarkən canlı yayımda söyüş söymüşdü. Ölkənin “Maestro” adlı televiziyası da həmin süjeti efirə vermişdi. Belə ki, prezident canlı yayımda “Strasburqda Avropa parlamentində müxalifət koalisiyası “Qruzinskaya meçta”nın təklifi ilə Gürcüstanda vəziyyətə dair keçirilən debatlarda müxalifətçilərin “analarını ağladıblar” deyə bildirmişdi. “Onların analarını ağladıblar” deyə Saakaşvili bir neçə dəfə bu ifadəni təkrar edib. “Maesto” telekanalı da bütün bu deyilənləri olduğu kimi efirə vermişdi. Həmin vaxt Gürcüstan cəmiyyəti, bir sıra rəsmilər ölkənin birinci simasının bu cür terminologiyadan istifadə etməsini “biabırçılıq” adlandırmışdı. Bu məsələdə telekanal qınaq obyektinə çevrilsə də, barəsində cəza tədbirləri görülməmişdi.

Rusiyada isə 2014-cü ildə mətbuatda, mediada söyüş qadağası qoyulub. Belə bir hal yaşanarsa adi vətəndaşlar 3 min, vəzifəli şəxslər 20 min, hüquqi şəxslər isə 200 min rubl ödəməli olur.

Açıq mikrofonun qurbanı olan siyasətçilər, həbs olunanlar, məhkəməyə verilənlər...

Xatırladaq ki, hər iki müğənni canlı efirdə açıq qalmış mikrofonun qurbanı olub. Belə ki, Rüfət Axundov mahnı ifa edərkən, Rəşad İlyasov barmağı ilə mikrofona vuraraq, onun bağlanmasını istəyir. Səs rejissoru isə bunun əksini başa düşərək, səsi açır və məlum qeyri-etik ifadələr efirə gedir. Nəticədə “Space TV” cəzalandırılır, aparıcı verilşdən uzaqlaşdırılır, səs rejissoru və rejissor işdən azad olunur, müğənnilərə isə efir qadağası qoyulur.

Qeyd edək ki, açıq mikrofonun qurbanı olan müğənnilər tək deyil. Bu günə qədər dəfələrlə hansısa verilişdə ya sənətçilər, ya da proqrama çağırılan qonaqlar mikrofonun bağlı olduğunu düşünüb, qeyri-etik ifadələr səsləndiriblər. Hətta dünyada mikrofonun açıq qalması bağlı çox saylı diplomatik skandallar, hətta həbslər var.

Məsələn, 2013-cü ildə açıq qalan mikrofona görə Argentina ilə Uruqvay dövlətləri arasında diplomatik böhran yaşanmışdı. Belə ki, həmin il Uruqvay prezidenti Xose Mujika mətbuat konfransından əvvəl mikrofonunu yandırıb və bunu unudub. Bir qədər keçməmiş Argentina prezidenti Kristina Kirşneri nəzərdə tutaraq yanındakı qubernatora deyib: “Bu yaşlı ifritə keçmiş çəpgöz prezidentdən pisdir. Çəpgöz daha çox siyasətçi idi, bu qadın isə dikbaşdır”. Uqurvay prezidentinin “çəpgöz” dediyi adam isə Argentinanın indiki prezidentinin 2010-cu ildə ölən həyat yoldaşı Nestor Kirşner olub. Xose Mujikanın qalmaqallı sözləri bütün zalda eşidilib. Ancaq 77 yaşlı prezident radiodakı çıxışında üzr istəyəcək bir şey etmədiyini bildirib. Buna baxmayaraq, Argentina Xarici İşlər Nazirliyi Uruqvay hökumətinə etiraz notası göndərib. Qeyd edək ki, Argentina prezidenti Kristina Kirşner idxalı və xarici pul vahidlərindən istifadəni məhdudlaşdırıb. Bu isə Uruqvayın ixracatına və turizminə çox pis təsir edib. Bu səbəbdən isə iki ölkə arasında əlaqələr pisləşib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da mikrofonunun açıq qaldığını unutduğu üçün böyük qalmaqal yaşamışdı. Belə ki, beynəlxalq konfransların birində Lavrov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adel əl-Cübeyri dinləyərkən “debil, lənət olsun axmaqlara” ifadəsini işlətmişdi. Onun mikrofona fikir vermədən dediyi bu sözlər ortaq mətbuat konfransında səs-küy yaradıb. “Lavrov bu sözləri deyərkən kimləri hədəfə alıb?” sualı müzakirə edilərkən bu, “Rusiyalı nazirin hər gün partlayan fləş xəbərlərdən qəzəbləndiyi” kimi şərh edilmişdi.

 

Trampdan əhaliyə XƏBƏRDARLIQ: "Evdən çölə çıxmayın!"

ABŞ prezidenti də Donlad Tramp dəfələrlə açıq mikrofona görə biabır olub. Onlardan birini tələbələrin məzuniyyət günündə yaşanıb. Tədbirdə çıxış edən Tramp medianı xeyli tənqid edib. Çıxış zamanı tələbələr prezidentə qılınc hədiyyə edilib. Tramp qılıncı alıb və tələbələrlə şəkil çəkdirib. Daha sonra yerində oturduğu zaman yanında olan daxili təhlükəsizlik naziri Con Kelli Trampa tərəf dönərək “İstəsəniz həmin qılıncı medianın üzərində sınaqdan keçirə bilərsiniz” deyə zarafat edib. Tramp isə cavabında “bəli” deyərək qarşılıq verib. Trampla Kelli arasında söhbət zamanı isə mikrafon açıq qalıb. Onların bu zarafatı bütün hər kəs eşidib və dərhal dünya mediasının manşetinə çevrilib.

 

Böyük Britaniyanın baş naziri olmuş Devid Kemeron da dəfələrlə açıq mikrofonun qurbanı olub və buna görə bir neçə dəfə üzr istəmək məcburiyyətində qalıb. Belə ki, Yorkşir qarflığında çıxışı zamanı əhalini qıcıqlandıracaq “Yorkşir sakinləri nəinki ətrafdakı hər kəsə, hətta bir-birlərinə belə nifrət edirlər” deyə qıcıqlandırıc sözlər işlədib. Daha sonra sözlərini geri götürən Devid Kemeron zarafat etdiyini söyləyib.

Bundan əvvəl isə o kraliça Yelizaveta II ilə söhbətində mikrofonunun açıq olduğunu unudaraq Əfqanıstanı dünyanın ən korrupsiyalaşmış ölkəsi adlandırıb. Digər maraqlı hadisə isə jurnalistlərlə brifinqdən sonra Kemeronun mikrofonu söndürməyi unutması olmuşdu. Jurnalistlərlə sağollaşdıqdan sonra baş nazir “Təşəkkür edirəm” deyərək iqamətgahına doğru gedib addımlayıb, qapıya yaxınlaşanda isə gözlənilmədən oxumağa başlayıb: “Du, duuuu, du, du”.

Məşhur amerikalı milyarder Robert Derst isə açıq qalan mikrofona görə həyatının şokunu yaşayıb, həbs olunub. Haqqında sənədli film çəkilən iş adamı fasilə zamanı mikrofonu söndürməyi unudub və özünü ələ verib. Belə ki, Robert indiyədək törətdiyi cinayətləri etiraf edib. Öz-özünə danışan 71 yaşlı milyarder “Mən nələr etmişəm. Əlbəttə hamısını öldürmüşəm” deyib. Həyat yoldaşı Katlin və rəfiqəsi, mafiya üzvünün qızı Suzan Bermanı nəzərdə tutan R.Derst dərhal polis tərəfindən həbs edilib. Qeyd edək ki, 1982-ci ildə itən və daha sonra cəsədi tapılan Katlinin qətlində Derst şübhəli bilinsə də, sübut olmadığından tutulmamışdı. Suzan isə 2000-ci ildə evində silahla qətlə yetirilib. O, Derstin xanımı Katlinin itməsi ilə bağlı başlanan istintaqın gedişində öldürülmüşdü. Bundan başqa, Robert 2011-ci ildə qonşusu Morris Blakı qətlə yetirib. Lakin sübutlar kifayət etmədiyindən məhkəmə onu sərbəst buraxıb.