ABŞ Türkiyə ilə razılaşmadı: yeni sanksiyalar...

ABŞ ilə Türkiyə arasında çıxan siyasi-diplomatik böhrandan sonra Türkiyənin Vaşinqtona göndərdiyi 9 nəfərlik diplomatik heyət ölkəsinə əliboş dönəcək.

Publika.az xəbər verir ki, ABŞ mətbuatı Xarici İşlər və Maliyyə Nazirliyi nümayəndələrinin Türkiyə heyəti ilə görüşlərdən müsbət nəticə alınmadığını yazıb.

“Voll Strit Jurnalı” ABŞ-ın iki ilə yaxındır Türkiyədə casusluq ittihamları ilə həbsdə yatan rahib Endryu Bransonun sərbəst qalmasına dair qarşı tərəfdən müsbət rəy almadıqlarını yazıb. Görüşlərdən müsbət nəticənin əldə edilməməsi böhranı dərinləşdirə və ABŞ-ın yeni sanksiyalarına əl atmasına səbəb ola bilər.

Görüşlərin nəticəsiz başa çatmasının xəbəri çıxan kimi Türkiyə Lirəsinin ABŞ dolları qarşısındakı dəyəri 5,44-ə çıxıb.

Müzakirələrə bağlı ilk və bu ana qədərki tək rəsmi açıqlama isə ABŞ-dan gəldi. ABŞ Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən verilən açıqlamada görüşlərdə bir sıra məsələlərin müzakirə edildiyi və müzakirələrin davam etdiyi bildirilib.

Qeyd edək ki, ABŞ ötən həftə sözügedən həbsdə fəal iştirak etməkdə ittiham etdiyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə maliyyə sanksiyası tətbiq etmişdi.