ABŞ-dan Azərbaycana qayıdan tanınmış iqtisadçı peşman duruma düşüb.

Minval.info xəbər verir ki, əsasən xarici ölkələrdə olan ekspert Qubad İbadoğlu Bakıya səfər edib və vəziyyətdən narahatlığını dilə gətirib.

Qubad bəy dostlarından biri ilə Nərimanov metrosunda görüşüb, çay süfrəsi arxasında söhbətləşmək qərarına gəlib. Onlar Əhməd Rəcəbli küçəsində yerləşən “Xalçalı” kafesində əyləşib mürəbbəli çay sifariş veriblər. Lakin sonda hesabı görəndə çox təəccüblənib:

“Qəbzdə mürəbbə və çaya görə 15 manat qeyd olunmuşdu. İqtisadi və alıcılıq qabliyyəti baxımından, hətta yerləşmə mövqeyi nəzərindən heç bir meyara uyğun olmayan belə qiymətlə hətta Nyu-Yorkda, Londonda, Parisdə də rastlaşmamışam. Belə qiymət siyasəti marketinq elmində də yoxdur. Amma fikirləşdim ki, bura Azərbaycandır, burada hər şey ola bilər”.

İbadoğlu qeyd edib ki, görünür ona bir az vaxt lazımdır ki, uyğunlaşsın. Onun sözlərinə görə, amerikanlar buna “culture shock” (mədəni şok) deyirlər.

Minval.info