I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent, IV ixtisas qrupu üzrə isə 4 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Onlardan biri də Qarayev Rüstəm Babək oğludur. Babək I ixtisas qrupu üzrə imtahan verib, birinci imtahandan 650, ikincidən 700 bal toplayıb.

Uğuru haqqında musavat.com-a danışan Rüstəm imtahan prosesini belə təsəvvür edib: “Ceyranbatan 1 saylı orta məktəbdə təhsil almışam. Iki hazırlıq müəllimim Sumqayıt şəhərində olub. Birinci imtahanda bəzi suallara diqqətsiz yanaşdığım üçün az bal toplamışdım. Özümə söz verdim ki, ikinci imtahanda daha diqqətli olacağam və 700 bal toplayacağam. İstəyimə də nail oldum. Universitet olaraq Bakı Ali Neft Məktəbini seçəcəyəm. İxtisas hələ seçməmişəm, düşünürəm”.

R.Qarayev deyir ki, hazırlıq prosesində valideynlərin dəstəyi önəmlidir: “Cavabları atamla birlikdə öyrəndim. Ikimiz də çox sevindik. Hazırlıq prosesində valideynlərin dəstəyi önəmlidir. Abituriyentlərin valideynlərindən xahiş edirəm ki, övladlarını sıxmasınlar, təzyiq göstərməsinlər. Çünki hər bir şagird universitetə daxil olmaq istəyir. Qəbul olan bütün abituriyentləri təbrik edirəm”.