Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayon sakini Aydın Hüseynovun (1985-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İttiham aktına əsasən, bu il martın 29-da Goranboy RPŞ-nin əməkdaşları rayon ərazisində 2011-ci ildə törədilmiş ağır cinayətin üstünü açıblar.

Belə ki, İrəvalı kəndində yaşayan Rəxşəndə Hüseynovanın (1983-cü il təv.) meyiti qardaşının yaşadığı evin zirzəmisində aşkar edilib. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, qadının ölümünə mexaniki asfiksiya səbəb olub.

Araşdırma zamanı məlum olub ki, Rəxşəndə Hüseynovanı qardaşı Aydın Hüseynov boğaraq qətlə yetirib və sonra meyitini evin zirzəmisində basdırıb.

İstintaqın gedişatında məlum olub ki, ailəli olan Rəxşəndə Hüseynova 2008-ci ildə ərindən boşanaraq, qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının yüngül həyat tərzi keçirməsi, dəfələrlə xarici ölkələrə getməsi qardaşlarında narazılıq yaradıb. Qadın tutulan iradlara qadın məhəl qoymayıb, bunun nəticəsində 2011-ci ildə sözügedən cinayət törədilib.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

Aydın Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib. Sərbəst ifadəsi zamanı o, bacısını yüngül həyat tərzi keçirdiyini, tez-tez xarici ölkələrə özbaşına gedib-gəldiyini bildirib:

“Axırıncı dəfə bacımla mübahisəmiz düşəndə, ondan həyat tərzini dəyişməsini tələb etdim. Lakin Rəşxəndə söylədiklərimə məhəl qoymadı. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Boğdum və meyitini basdırdım”.

Növbəti məhkəmə prosesi iyulun 31-ə təyin edilib. (oxu.az)