Azərbaycanda Əsgəri İbrahim Əli oğlu adlı abituriyent qəbul imtahanında 596 bal yığmasına və seçdiyi ixtisasların bir çoxuna tələb olunan keçid balını keçsə də heç bir yerə qəbul ola bilməyib.

Minval.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, 15 illik təcrübəsində ilk dəfədir ki, belə bir halla qarşılaşdığını bildirib. Ekspert buna görə, Dövlət İmtahan Mərkəzini ittiham edib.

“Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb”, – deyə o, bildirib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin Xanlar Xanlarzadənin verdiyi açıqlamaya görə isə yayılan məlumat saxtadır:

“Abituriyentin həmin nəticəsi fotomontajdır. Tələbə orada qeyd olunandan da az nəticə göstərib. Sadəcə olaraq həmin fotoşəkil montaj olunaraq ictimaiyyət aldadılıb. Çox təəssüf hissi ilə qeyd edirik ki, belə fotomontaj edərək cəmiyyəti, insanları aldadırlar, fikir çaşqınlığı yaradırlar”.