İspaniyanın “Atletiko” klubu tarixində üçüncü dəfə UEFA Super Kubokunun qalibi olub. “Report” xəbər verir ki, Estoniyanın paytaxtı Tallindəki “Lilleküla” stadionunda keçirilmiş görüşdə Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv “Real Madrid”i əlavə vaxtda vurduğu qollarla məğlub edib – 4:2.

Hesab artıq 49-cu saniyədə açılıb. “Atletiko”nun hücumçusu Dieqo Kosta hücumu iti bucaq altından qüvvətli zərbə ilə tamamlayıb. Lakin “Real Madrid” 27-ci dəqiqədə Kərim Benzemanın qolu ilə tarazlıq yaradıb.

Fasilədən sonra da iki qol vurulub. 63-cü dəqiqədə “kral klubu”nun kapitanı Serxio Ramos penaltini dəqiq yerinə yetirib. O, komandasının iki Superkubok qarşılaşmasında qol vuran ilk futbolçusuna çevrilib. Ramos 2016-cı ildə “Sevilya” ilə görüşdə də fərqlənmişdi.

Bununla belə, Dieqo Kosta 79-cu dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq, oyunu əlavə vaxta daşıyıb. Həmin bölümdə isə onun komanda yoldaşlarından Saul Nyiges 98-cu, Koke isə 104-cü dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, bunadək “Atletiko” 2002 və 2012-ci illərdə UEFA Super Kubokuna sahib olub. “Real Madrid” isə 4 dəfə – 2002, 2014, 2016 və 2017-ci illərdə bu mükafatı əldə edib. 1972-ci ildən təşkil olunan UEFA Super Kubokunu ən çox qazananlar İspaniyanın “Barselona” və İtaliyanın “Milan” komandalarıdır. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb.

UEFA Super Kuboku

15 avqust

23:00 “Real Madrid” (İspaniya) – “Atletiko” (İspaniya) – 2:4 (ƏLAVƏ VAXT – 0:2)

Qollar: Kərim Benzema, 27. Serxio Ramos, 63 (penalti ilə) – Dieqo Kosta, 1; 79. Saul Nyiges, 98. Koke, 104

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa) Ovidiu Hateqan (Rumıniya)

Estoniya. Tallin Lilleküla stadionu