Pulun bir hissəsi ilə kredit borclarını bağlayıb ölkədən qaşmaq istəyib. 

Sumqayıtda yerləşən şirkətlərin birindən 450 min manat oğurlayan şəxsin kimliyi məlum olub.

Minval.info xəbər verir ki, müəssisənin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.

“Məlumat daxil olan kimi idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Yüksək peşəkarlıqla və “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini Rauf  Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb. Araşdırma zamanı məlum ki,  saxlanılan şəxs qeyd edilən şirkətdə təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub. R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib” – rəsmi xəbərdə qeyd edilir.

Hadisə Sumqayıtdakı şirkətlərdən birində baş verdiyi məlum olub. Oğru “qara bazar”dakı valyuta alverçilərinin köməyi ilə oğurlanmış manatı dollara çevirəndən dərhal sonra “28 Mall” Ticarət Mərkəzində saxlanılıb. Puldan cəmi 30 min manat kəsir olub. Saxlanılan şəxs sonradan etiraf edib ki, həmin vəsaiti özünün bank kreditlərinin bağlanmasına xərcləyib.

O da məlum olub ki, Nəbiyev oğurluğa hazırlaşarkən özünə aviabilet də sifariş edib. Pulu dəyişəndən dərhal sonra kişi Azərbaycan sərhədlərini tərk edəcəkmiş. Lakin Sumqayıt polisinin operativ qrupu onun bu addımı atmasına mane olub.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək şirkətə qaytarılıb.

Qeyd edək ki, Nəbiyev seyfi dəmir lingin (lomun) koməyi ilə qırıb. Hazırda oğurluq faktı ilə bağlı AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.