Bakıda cinayət törətməkdə təqsirli bilinən paytaxt sakini, 2000-ci il təvəllüdlü İlham Rəhimov, Zaqatala rayon sakini, 2000-ci il təvəllüdlü Mahmud Aydınov və paytaxt sakini, 2000-ci il təvəllüdlü Mübariz Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qız üstündə dava

Publika.az xəbər verir ki, 2016-cı ilin may və sentyabr aylarında İlham Rəhimov və Fərid Ələkbərovun arasında hər ikisinin sevdiyi eyni qıza görə mübahisələri olub.

Bu səbəbdən Fərid Ələkbərov İlham Rəhimovu döyüb. İlham Rəhimov dostları Mahmud və Mübarizlə birlikdə döyülməsinin səbəbini aydınlaşdırmaq məqsədilə Fəridlə görüşmək istəyib.

Həmyaşıdlarını küçədə döydülər

Onlar 3 oktyabr 2016-cı il tarixdə, saat 19 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 56 ünvanının qarşısında Fərid Ələkbərovla görüşüblər. Bu zaman gənclərin arasında əvvəlcə mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı onlar Fərid Ələkbərovu sifətindən və bədəninin müxtəlif nahiyələrindən yumruq, təpik və daş parçası ilə bir neçə dəfə vurublar.

Çoxsaylı xəsarətlər

Daha sonra onlar Fərid Ələkbərovu yerə yıxıb, yenidən çoxsaylı zərbələr endiriblər. Baş verən döyülmə zamanı Fərid Ələkbərov çoxsaylı bədən xəsarəti alıb.

Fərid Ələkbərov vaxtında xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polis cinayət törədənləri həbs edib.

İstintaq orqanı tərəfindən İlham Rəhimov, Mahmud Aydınov və Mübariz Zalova qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“İlham isə Anastasiyanı narahat edib”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Fərid Ələkbərov bildirib ki, İlham Rəhimovu təxminən üç il əvvəl tanıyıb, onunla normal münasibətləri olub: “Sonradan Anastasiya adlı qıza görə İlhamla aramızda mübahisə baş verdi. Mənim Anastasiya ilə münasibətim olub, İlham isə Anastasiyanı narahat edib”.

“Anastasiya ilə görüşüb, söhbət edə biləcəyini dedi”

Zərərçəkmişin sözlərinə görə, təxminən 2016-cı il sentyabr ayının 30-da İlham Rəhimovla zəngləşib, həmin gün saat 15-16 radələrində Nizami rayonu ərazisində, 214 nömrəli məktəbin yaxınlığında görüşüb: “Həmin yerə tək getmişdim. İlham isə oraya dostları ilə gəlmişdi. Mən İlhamdan Anastasiyanı narahat etməməyi tələb etdim. O, isə əvəzində Anastasiya ilə görüşüb, söhbət edə biləcəyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Bu zaman İlham məni vurmaq istəyəndə, mən də bir dəfə yüngülcə onun başından şillə vurdum. Dostları araya girdi, dalaşmağa qoymadılar. Sonra İlhamla barışdım və mehriban görüşərək ayrıldıq”.

Anastasiyadan uzaq durmasını…

Fərid Ələkbərov qeyd edib ki, oktyabrın 2-də İlham Rəhimov ona zəng edib, görüşmək istədiyini deyib: “Buna görə də İlhamla oktyabrın 3-də, saat 18 radələrində Nərimanov rayonu ərazisində, “Metropark” ticarət mərkəzinin qarşısında görüşüb, söhbət etməyi razılaşdıq. Həmin gün, saat 18.40-da “Metropark”ın qarşısına getdim. İlham ora öz dostları Mübariz Zalov və Maqa ləqəbi ilə çağırdıqları Mahmud Aydınov ilə gəldiyini gördüm. Onlara yaxınlaşaraq, salamlaşdım. İlham söhbət etmək üçün “McDonalds”a tərəf getməyi təklif etdi, oraya gedəndə İlhamın dostu Oleq də gəldi. Birlikdə “McDonalds”a tərəf piyada getməyə başladıq. Həmin vaxt Mübariz və Mahmud da Anastasiyanı sevdiyini dedi, mənim nə üçün İlhamın Anastasiyadan uzaq durmasını tələb etdiyini soruşdu”.

“Məni dəmir barmaqlıqlı qapıya tərəf itələyərək apardılar”

Fərid Ələkbərov bildirib ki, dostlarına İlham Rəhimovla bu söhbəti həll etdiyini deyib, sözügedən məsələyə onların qarışmamasını xahiş edib: “Məhəllələrin arası ilə piyada gedərkən, qəflətən Mübariz ilə Oleq qollarımı tutdular, Mahmud isə əlində böyük mişar daşı parçası üstümə hücum etdi və həmin daş parçası ilə bir dəfə alnımın sağ tərəfindən güclü zərbə ilə vurdu. Zərbədən alnımından qan gəldi. Sonra isə İlham təpiklə iki dəfə qarnımdan vurdu və məni dəmir barmaqlıqlı qapıya tərəf itələyərək apardılar. Sonra qollarımı buraxdılar və hamısı məni yumruq-təpiklə döyməyə başladı. Mahmud əlindəki daş parçası ilə bir dəfə də sifətimin sağ tərəfindən vurdu. Zərbədən sonra özümü saxlaya bilmədim və yerə yıxıldım. Yerdə uzandığım vaxt Mahmud tək özü daş parçası ilə yenə sifətimdən bir neçə dəfə vurdu. Sonra məndən əl çəkərək getdilər. Zərbədən və ağrıdan huşumu itirən kimi oldum, özümü çox pis hiss etdim. Onlar gedəndən sonra ayağa dura bilmədim. Təxminən yarım saat keçəndən sonra təcili yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə aparıldım və mənə həkimlər tibbi yardım etdilər”.

Birinci instansiya məhkəməsinin hökmü

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Rəhimov 2 il 11 ay 28 gün, Mahmud Aydınov 4 il və Mübariz Zalov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini istəyiblər.

Bundan başqa, hökmdən prokurorluq da narazı qalıb. Prokuror tərəfindən verilən apelyasiya protestində təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb olunub.

Həmçinin zərərçəkmiş Fərid Ələkbərovun nümayəndəsi Elxan Azadəliyev də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını, cinayət işində adı hallanan Oleq adlı şəxsin də məsuliyyətə cəlb olunmasını istəyib.

70-ci maddə tətbiq edildi, cəzalar şərti hesab edildi

Tərəflərin şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası sonda qərar elan edib.

Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Yeni qərara görə, təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, onların cəzaları şərti hesab edilib. Məhkəmə təqsirləndirilən şəxsləri məhkəmə zalından azadlığa buraxıb.

Azad olundular, narazılıq yenə yarandı

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini xahiş edib.

Həmçinin eyni tələblə zərərçəkmiş Fərid Ələkbərovun nümayəndəsi də kasasiya şikayəti verib. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılması barədə kasasiya şikayəti veriblər.

Ali Məhkəmədən qərar: İşə yenidən baxılacaq

Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan iclasda məhkumların müdafiəçiləri tərəfindən verilən kasasiya şikayətləri təmin olunmayıb.

Məhkəmə zərərçəkmişin nümayəndəsinin və prokurorun protestini təmin edib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

Bu səbəbdən iş materialları araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bu dəfə şikayətə hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada baxılması başlanılıb.

Qeyd edək ki, cinayət hadisəsi baş verən zaman təqsirləndirilən şəxslər və zərərçəkmiş orta məktəbin 11-ci sinif şagirdi olublar.