2019-cu ilin Novruzu Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun ailəsinə də xoş müjdələrlə qədəm qoyur.

“Minval.info” xəbər verir ki, 12 ilin həsrətindən sonra onun iki oğlan və bir qız olmaqla, üçəm körpəsi dünyaya gəlib. Uşaqlara erməni vəhşiliyinin qurbanı olan məsum körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.

Ömər Ələkbərov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön sərgərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq orduyla bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Nümunəvi davranışı, nizam-intizamı və döyüş qabiliyyəti, peşəkarlığı ilə silahdaşlarının və komandirlərinin rəğbətini qazanıb. Cəbhə bölgəsində xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Hazırda motoatıcı taqım komandirinin müavinidir.

Müdafiə Nazirliyinin rəhbərliyi və Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərlərinə götürüb. Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

“Minval.info”